Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 May 2011 Diqər xəbərlər Diqər xəbərlər

Zooloji şöbə


Təbiət-Tarixi Muzeyində «ölü» eksponat yoxdur. Hər bir fauna və flora öz dövrünün canlı şahididir. Nümayiş etdirilən ekspozisiya keçmişdən müasir dövrümüzə qədər canlı aləmin inkişaf mərhələsini və dəyişməsini əks etdirən güzgüdür.


Muzeyin zooloji şöbəsində Azərbaycanda müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların bərpa edilmiş skeletləri, müqəvvaları, formalin və spirt məhlulunda saxlanılan cəsədləri və buynuzları nümayiş etdirilir. Muzeyin divarlarında Azərbaycanın zəngin təbiətini əks etdirən, yağlı boyalarla işlənmiş şəkillər nümayiş etdirilir.


Bunların içərisində Kür çayı ovalığını, yüksək dağlıq zolaqları bəzəyən meşə, Talış dağlarında ucalan relikt dəmir ağacı, Alp çəmənliyi və s. tablolar tamaşaçıların nəzərini özünə cəlb edir. Ornitoloji eksponatlar Azərbaycanın quşlar nəslinin bolluğunu göstərir. Kaynozoy erateminin Pliosen çöküntülərindən toplanmış məşhur Binəqədi Qır gölünün fauna və flora qalıqlarının nümayiş etdirilməsinə muzeydə geniş yer ayrılmışdır. Zooloji şöbənin ilk eksponatları çoxhüceyrəlilər aləminə (Metazoa) daxil olan onurğasız heyvanatlarla başlayır.



Onurğasizlar faunasi


Onurğasızlar, adından məlum olduğu kimi, onurğası olmayan heyvan qrupu olub, ibtidailər, süngərlər, bağırsağıboşluqlar, dərisitikanlılar, yumşaqbədənlilər, bir neçə ibtidai, dəyirmi qurdlar, buğumayaqlılar tiplərinə bölünürlər. Onların arasında çoxluğu təşkil edən buğumayaqlılardır ki, bunların da əsas hissəsini həşəratlar təşkil edir. Onurğasızların yaranma vaxtı dəqiq məlum deyildir. Lakin Kembri dövründən də qabaq, təxminən 1 mlrd. il əvvəl birhüceyrəlilərdən əmələ gəlmiş olduqları hesab olunur. Bunların içərisində keçid mərhələsini koloniya tərzində yaşayan ibtidailər təşkil edirlər. Kembri dövründə onurğasızların bir çox nümayəndələri yaşamışdır. Onurğasızlara xas olan xüsusiyyət iki tərəfli (bilaterial) simmetriyaya keçid mərhələsinin olmasıdır. Ali onurğasızlar ikinci bədən boşluğuna (selon) malikdirlər. Məhz buna görə də onurğasızlar ilk xordalı heyvanların başlanğıcı sayılır. Çoxsaylı və müxtəlif formalı olduqlarına görə onurğasızlar Yer kürəsinin bütün biotoplarını mənimsəyərək maddələr mübadiləsində və biosferdəki enerji mübadiləsində mühüm rol oynayırlar.



Onurğalilar faunasi


XIX əsrin əvvəllərindən başlayaraq isveç alimi J.B.Lamark zooloji obyektlərin təsnifatıyla məşğul olur. 1809-cu ildə nəşr olunan «Zoologiya fəlsəfəsi» adlı əsərində heyvanat aləminin onurğasız və onurğalılara bölünməsi ideyasını irəli sürür. J.B.Lamarkın təsnifatı təkmilləşərək hazırda da istifadə olunur.


Onurğalılar Paleozoy erasının erkən Silur dövründən məlumdur. Onurğalıların əcdadları olan ilk xordalılar dənizdə yaşamış, sonrakı dövrlərdə bəzi nümayəndələri şirin sularda yaşamağa uyğunlaşmışlar. Onurğalı heyvanlar da təkamül prosesində müəyyən inkişaf mərhələləri keçmişlər. İlk skelet-xorda təkamül prosesi nəticəsində onurğa ilə əvəz olmuşdur. Qan-damar sistemi qapalıdır. Tənəffüs orqanı suda yaşayan onurğalılarda (məs.: çənəsiz balıqlar) qəlsəmələr, quruda yaşayan onurğalılarda isə bir cüt ağciyərdir. Onurğasızlardan fərqli olaraq onurğalılarda daxili sekresiya vəzilərinin qana ötürdüyü hormonlar mürəkkəbləşmişdir. Sinir sistemi əsas baş beyindən, onurğa beynindən və ətraf sinir düyünlərindən (qanqlialardan) ibarətdir. Bəzi onurğalılar (məs. skatlar) elektrik və maqnit hissiyyatına malikdirlər. Onurğalılar adətən müxtəlif cinslidirlər. Cinsi vəziləri bir cütdür, balıqlarda hermofrodit formalarına da təsadüf edilir.


İlk onurğalılar-dəyirmiağızlılar, balıqlar, bir qayda olaraq kürü qoymaqla çoxalırlar. Diribala doğma dəyirmiağızlılar və quşlar müstəsna olmaqla bütün onurğalılara xasdır.


Ali onurğalılar-sürünənlər, quşlar üçün nəsil qayğısına qalmaq səciyyəvidir. Onurğalılar biosenozda trofik zənciri başa vurmaqla biosferdə baş verən proseslərdə mühüm rol oynayır.