Alimlər


ABDULLAYEV, Zakir B.

Geologiya-mineralogiya elmləri doktoru


 
Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib (1959). Geologiya-mineralogiya elmləri namizədi (1968). Geologiya-mineralogiya elmləri doktoru (1994). 1962-ci ildən AMEA-nın Qeyri-üzvi və Fiziki-Kimya İnstitutunda, 1988-ci ildən Geologiya İnstitutunda işləyir..  “Mineralogiya və geokimya” kabinetinin baş elmi işçisidir. “Tərəqqi” medalı ilə təltif olunub.


Elmi tədqiqat sahələri: 
geologiyanın əsas problemlərindən biri olan Kiçik Qafqazın ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin petroloji-geokimyəvi aspekti. İlk dəfə olaraq kimyəvi və mineraloji əsaslarla tədqiq olunan süxurların əsaslı nomenklatura və təsnifatını vermişdir. Ultrabazitlərin poligen mənşəli olmaları barədə fikir irəli sürmüşdür. Maqmatik genetik tiplərlə yanaşı, əsasi intruziyaların təmasında, fərqli fiziki kimyəvi şəraitdə metasomatik yolla əmələ gələn növlər aşkar edilmişdir. Dəmir qrupu elementlərinin geokimyəvi qanunauyğunluqları barədə mükəmməl tədqiqat işləri aparmışdır. Mineral balansının hesablanması yolu ilə nadir elementlərin daşıyıcıları və toplacıyıları müəyyən edilmiş, onların rastgəlmə formaları müəyyən olunmuşdur. Filiz yataqlarının geokimyəvi axtarış meyarını işləyib, ənənəvi ideyalardan fərqli olaraq, xromitdaşıyan süxür növü kimi piroksenli dunitlərin daha münasib olmaları təsdiq edilmişdir. Serpentinləşmə prosesinin izokimyəvi yolla baş verməsi konsepsiyasını dəstəkləyərək, ultrabazitlərin kimyəvi tərkibləri əsasında ilkin mineraloji tərkiblərinin müəyyən edilməsinin mümkünlüyünü əsaslandırmışdır. O, həmçinin, həmmüəllifləri ilə birlikdə ilk dəfə olaraq, perlit-antiqorit kompozisiyası əsasında, təbiətdə analoqu olmayan, tərkibində maqnezium saxlayan seolitəbənzər adsorbent sintezi  üsulunu hazırlamışdır.


140-a qədər elmi nəşrin və 4 monoqrafiyanın müəllifidir.


Elmi əsərlərin siyahısı

  1. Kaolin və obsidian əsasında şabazit tipli seolitin kristallaşma prosessinin tədqiqi. “Kimya problemləri”, 2007, s. 674-678. (Həmmüəlliflər: G.A. Məmmədova, S.B. Əliyeva, G.M. Əliyeva, D.M. Qənbərov).
  2. Obsidian və kaolin əsasında reaksiya qarışıqlarının quruluş – kimyəvi xüsusiyyətlərinin və kation tərkiblərinin seolitlərin kristallaşmasına təsiri. Azərb. Kimya jurnalı. 2008, s. 104-108. (Həmmüəlliflər: S.B. Əliyeva, Q.M. Əliyeva, M.K. Munşiyeva, D.M. Qənbərov).
  3. Təbiətdə serpentin –talk-brusit assosiasiyasının aşkar olunmamasının eksperimental tədqiqi. AMEA- nın məruzələri, 2008. c.64, №6, s. 71-74.

Konfranslar

  1. Nadir elementlərin süxur əmələgətirən minerallarda paylanması. Akad. M.F.Nağıyevin 100-illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı, 2008, s.301.
  2. Kiçik Qafqaz ultrabazitlərinin kristallaşma temperaturuna dair. BDU-nun 90-illik yubileyinə həsr olunmuş konfransın materialları. “Bakı universiteti” nəşriyyatı, 2009, s. 18-29. (Həmmüəlliflər: Hüseynova S.F., Muradxanova G.A.).


E-mail:
[email protected]