Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN JURNALI “SCOPUS” MƏLUMAT BAZASINA DAXİL EDİLİB

 
16 aprel 2020-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunda nəşr edilən “ANAS Transaction, Earth Sciences” elmi jurnalı nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 1958-ci ildə təsis edilən “ANAS Transactions, Earth Sciences” resenziya olunan elmi jurnaldır. Əvvəllər “Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences” adı ilə nəşr olunan jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adlandırılıb. Jurnalın redaktoru Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadədir.

Nəşrin redaksiya heyətinə Azərbaycan və xarici ölkələrin geniş elmi bilik və təcrübəyə malik aparıcı alimləri daxildir. Jurnalda orijinal elmi və icmal xarakterli məqalələr, o cümlədən çöl və laboratoriya şəraitində həyata keçirilən tədqiqatlar haqqında məlumatlar, Yer elmlərinin bütün sahələrini əhatə edən modelləşdirmələr əksini tapıb.

Qaldırılan məsələlərin aktuallığı, məqalələrin beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunması və ciddi resenziya edilməsi, redaksiya heyətində yer alan alimlərin müxtəlif ölkələri təmsil etməsi, eləcə də nəşr olunan məqalələrin “Crossref” sisteminin beynəlxalq biblioqrafik məlumat bazası vasitəsilə onlayn oxuna bilməsi jurnalın nüfuzunu daha da artırıb.

Jurnalın “Scopus” bazasına daxil edilməsi onun dünya şöhrətli alimlərlə əməkdaşlıq etməsi üçün geniş imkanlar açır. Bu hadisə Yer elmləri sahəsində aparılan tədqiqatların nəticələrini jurnal vasitəsilə beynəlxalq məkanda daha fəal nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.

“ANAS Transactions, Earth Sciences” jurnalının gələcəkdə dünyanın digər məlumat bazalarına, xüsusilə “Web of Science” bazasına daxil edilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur.



www.science.gov.az