Xəbərlər


“AKADEMİK ƏHƏD YAQUBOV AZƏRBAYCANDA PALÇIQ VULKANİZMİ ELMİNİN BANİSİDİR” KİTABI NƏŞR EDİLİB


 17 mart 2020-ci il

“Elm” nəşriyyatında çap edilmiş kitabın elmi redaktoru akademik Arif Əlizadə, tərtibçiləri geologiyaya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanodur.

Əsər Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı əsasında akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərə uyğun olaraq hazırlanmışdır.

Kitabda ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin Fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr olunan yubiley yığıncağında (14 iyun 2018-ci il) edilən çıxışların mətnləri, onun haqqında ailə üzvlərinin və tələbələrinin xatirələri verilib.

Kitaba akademikin müəllifi olduğu və dünya geoloji ictimaiyyətində böyük əks-səda doğuran “Azərbaycanın palçıq vulkanları” atlasına görkəmli alimlərin və mütəxəssislərin yazdıqları rəylər əlavə olunub.
Kitabın sonunda akademik Əhəd Yaqubovun elmi, pedaqoji və dövlət qulluğunda fəaliyyətini əks etdirən fotoşəkillər yerləşdirilib.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]