Xəbərlər


“AZƏRBAYCANIN PALÇIQ VULKANLARININ PÜSKÜRMƏLƏRİNİN KATALOQU” ÇAPDAN ÇIXIB


 17 mart 2020-ci il

“Elm” nəşriyyatında akademik Akif Əlizadənin redaktorluğu ilə “Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu” kitabı nəşr olunub.

Kitabın müəllifləri geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev, geologiya-mineralogiya elmləri doktoru, akademik İbrahim Quliyev və geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanovdur. Əsərə akademik Əkbər Feyzullayev və AMEA-nın müxbir üzvü Dadaş Hüseynov rəy yazıblar.

Bu, kitabın üçüncü nəşridir. Birinci nəşrə 1810-2001-ci illərdə Azərbaycanda baş vermmiş palçıq vulkanlarının püskürmələri, ikinci nəşrə isə 2007-ci ilə kimi qeydə alınmış püskürmələr daxil edilmişdi. Hazırkı nəşr 2008-2019-cu illəri əhatə edir.

Rus və ingilis dillərində verilən mətnlərdə palçıq vulkanları və onların püskürmə məhsulları, təsnifatı, səciyyəvi cəhətləri, intişar etdiyi sahələrin geoloji xüsusiyyətləri haqqında məlumat verilir,onların fəaliyyətlərinə seysmikliyin təsiri göstərilir. Püskürmə məhsullarının geokimyasına, vulkanlardan ixrac olunan qaz, su və neftin izotop tərkiblərinə baxılır.

Cədvəl şəklində xronoloji ardıcıllıqla Azərbaycanın 28 palçıq vulkanında qeydə alınmış 45 püskürmənin ili, vaxtı, davamiyyəti göstərilməklə yığcam təsviri verilir. Sonda palçıq vulkanlarının fəaliyyəti kəmiyyətcə qiymətləndirilir, ayrı-ayrı sahələr üzrə püskürmələrin intensivliyi, zaman və məkan üzrə Şərqi Azərbaycanda və ona bitişik Xəzər dənizi akvatoriyasında paroksizm təzahürlərinin xüsusiyyətləri şərh olunur.

Kitabda 2008-2019-cu illərdə Azərbaycanda baş vermiş palçıq vulkanlarının püskürmələrinin fotoşəkilləri də yer alıb. 



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]