Xəbərlər


MAGİSTRANTLAR ÇÖL-TƏDQİQAT TƏCRÜBƏSİNDƏ


28 oktyabr 2019- cu il

GGİ rəhbərliyinin təşəbbüsü ilə institutda təhsil alan I və II kurs magistrantları və I il doktorantlar “Struktur geologiya və stratiqrafiya” fənni üzrə çöl-tədqiqat təsrübəsində olublar. Tədbir Şamaxı rayonunun Pirküşkül, Siyəki və Cəngi sahələrində keçirilib. Çöl-tədqiqat təcrübəsi g.-m.e.n. Əşrəf Qurbanovun rəhbərliyi, həmçinin g.-m.e.n. Təhminə Qarayeva və “Təhsil” şöbəsinin rəhbəri y.ef.d. Səadət Ələkbərovanın iştirakı ilə aparılıb.

Təcrübə zamanı Ə. Qurbanov və T. Qarayeva magistrant və doktorantlarla birlikdə Şamaxı rayonu ərazisində yerləşən Böyük Siyəki kəsilişində və Pirəküşkül vulkanında olublar. Pirəküşküldə müəllimlər magistrantları palçıq vulkanları haqqında məlumatlandırıblar. Həmçinin Boyük Siyəki kəsilişində paleosen yaşlı çöküntülərdən ibarət olduğu öyrədilib.

Ə.Qurbanov kəsilişdə layların yatması, onların tərkibi, orada gedən tektonik proseslər haqqında ətraflı məlumat verib. Çöl şəraitində kompasdan istifadə, süxur tərkibinin ayırılması da izahat mövzusu olub.

Tələbələr T.Qarayevadan həm paleomaqnit tədqiqatı yolunu, həm də stratiqrafiyasını öyrənmək üçün çöldə nümunələri toplamaq qaydasını mənimsəyiblər. Onlara kompasla azimut və yatma bucağının ölçülməsi, bu ölçmələrın tətbiq obyektləri, onların laboratoriya şəraitində analizlərin aparılması üçün zəruri olduğu vurğulanıb.

Təcrübə müddətində tələbələrin çoxsaylı sualları cavablandırılıb.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]