Xəbərlər


ELMİ SEMİNARDA SEYSMİK KƏŞFİYYAT PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİB

 
12 iyun 2019-cu il
 
GGİ-də keçirilmiş yer elmləri sahəsində ümumrespublika elmi seminarı müasir tətbiqi geofizikanın (seysmik kəşfiyyat) problemlərinə həsr edilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev iştirak etmişdir.

Seminarı giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov müasir tətbiqi geofizikanın aktuallığından qısa məlumat verib. Sonra g.-m.e.d. Namaz Yusubov (AMEA Neft və Qaz İnstitutu) “Müasir tətbiqi geofizikanın (seysmik kəşfiyyat) problemləri” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi bildirib ki, son zamanlar seysmik kəşfiyyatın ümumi dərinlik nöqtəsi (ÜDN) və əvvəllər istifadə edilmiş geofiziki üsulların tətbiqi ilə əldə edilmiş geoloji-geofiziki tədqiqatların nəticələri arasında bir sıra uyğunsuzluqlar müşahidə olunur. Təqdimatdan məqsəd bu uygunsuzluqlarla, seysmik məlumatların interpretasiyası prosesində rast gəlinən əsas problemlərin düzgün qiymətləndirilməməsi səbəbindən xətalarla müşayiət olunan geoloji-geofiziki nəticələrlə və bir sıra digər məsələlərlə əlaqədar özəl mülahizələri çatdırmaqdır.

Məruzəçi vurğulamışdır ki, hazırda iki və üç ölçülü seysmik kəşfiyyat məlumatlarının emalı prosesinə cəlb edilmiş fundamental riyazi bazaya əsaslanan prosedurlar, alınmış nəticələrin geoloji dəyərləndirilməsi (interpretasiyası) texnologiyası bir sıra mürəkkəb geoloji məsələlərin yüksək keyfiyyətli həllini təmin edir.

Elmi seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılandan sonra təqdimat ətrafında şıxışlar olmuşdur.












GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]