Xəbərlər


GGİ MAGİSTR ƏMƏKDAŞLARININ DİSSERTASİYA İŞLƏRİ ELMİ SEMİNARDA MÜZAKİRƏ OLUNUB

 

4 iyun 2019-cu il

GGİ-də əmək fəaliyyəti göstərən, eyni zamanda həm İnstitutda, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və Bakı Dövlət Universitetində (BDU) magistr təhsili alan gənclərin elmi işlərinin ilkin müzakirələri keçirilib. İnstitutun “Gənc alim və mütəxəssislərinin elmi seminarı”nda baş tutan üçgünlük müzakirələrdə, ilk növbədə, ADNSU və BDU-nun magistrlərinin elmi tədqiqat mövzularının nəticələri geniş müzakirə edilib.

Elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə baş tutan seminarlarda həmçinin İnstitutun magistlərinin dissertasiya işlərilə bağlı iki il ərzində GGİ-də həyata keçirilən tədqiqatlar haqqında məruzələr dinlənilib.

Orxan Abbasovun verdiyi məlumata görə, uzun illərdir ki, İnstitut rəhbərliyilə ADNSU və BDU-nun direksiyası arasında bağlanan müqaviləyə əsasən İnstitutda çalışan hər iki universitetin bakalavr və magistrlərinin buraxılış və dissertasiya işlərinin mövzuları GGİ tərfindən müəyyənləşdirilir. Müasir elmi prioritetləri ehtiva edən mövzularla bağlı tədqiqatlara rəhbərliyi həm universitetlərin, həm də GGİ alimləri həyata keçirirlər. İnstitutda elmi tədqiqat işləri aparan gənclər çöl-ekspedissiya işlərinə də mütəmadi cəlb olunurlar.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]