Xəbərlər


ELMİ SEMİNARDA AZƏRBAYCANDA GEOARXEOLOGİYANIN DURUMU ARAŞDIRILIB


 17 aprel 2019-cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində ümumrespublika elmi seminari keçirilib.

Tədbiri GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov giriş sözü ilə açaraq bildirib ki, seminarda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, c.-m.e.n. Rəşid Fətəliyevin “Geoarxeologiya: qədim tarixə fərqli bucaq altında baxış” mövzusunda təqdimatı reallaşcaq.

R.Fətəliyev təqdimatında vurğulayıb ki, geoarxeologiya bir elmi istiqamət kimi XIX əsrin ortalarında formalaşmağa başlayıb və XX yüzilliyin ortalarında artıq Şəqri Avropada, eləcə də Şimali Amerikada xeyli inkişaf edib. İngilis geoloqu Çarlz Layyelin “İnsanın keçmişi” (1863) və rus alim A.İnostransevin “Ladoqa gölü ətrafının daş dövrü insanı” (1882) kitabları qədim insan və ətraf mühit haqqında ilk fundamental əsərlərdir.

Məruzəçi daha sonra mövzunu Azərbaycanda geoarxeologiya istiqamətində davam etdirərək maraqlı faktlar gətirib: “Biz də qədim tarixi abidələrimizi, ilk növbədə UNESCO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli Tarix-Bədii Qoruğunu, habelə, mağaralarımızı, o cümlədən Əshabi-Kəhf ziyarətgahını kompleks şəklində dolğun öyrənməklə inandırıcı nəticələr əldə edə bilərik”.

Təqdimatda bu kimi məsələlər, həmçinin respublikada geoarxeologiyanın durumu araşdırılıb və atılmalı addımlar konkretləşdirilərək sadalanıb.

Mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb və təqdimat ətrafında çıxışlar dinlənilib.

GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov geoarxeologiya istiqamətdə görülməli işlərlə bağlı təklifləri yüksək dəyərləndirib və oların reallaşacağına əminlik ifadə edib.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]