Xəbərlər


GEOLOQ PEŞƏSİNİN NÜFUZUNU ARTIRMAQ ZƏRURİDİR – AMEA-nın MÜXBİR ÜZVÜ TƏLƏT KƏNGƏRLİ


12 aprel 2019-cu il

Geologiya və Geofizika İnstitutu (GGİ) “Geotektonika və regional geologiya” şöbəsi bu elm ocağının aparıcı bölmələrindəndir. Son illər şöbə alimləri məşğul olduqları istiqamətlərdə bir sıra uğurlar qazanıblar. Əldə edilmiş nəticələr əsasında respublika ərazisinin bir sıra müxtəlif miqyaslı model-xəritələri tərtib və nəşr edilmiş, İsveçrə və Qafqaz ölkələri alimlərinin iştirakı ilə “Qafqazın tektonik xəritəsi”, həmçinin İnstitutun “Paleontologiya və stratiqrafiya” şöbəsi ilə birlikdə yeniləşdirilmiş “Azərbaycanın geoxronoloji cədvəli” tərtib edilmiş, elmi nəticələr GGİ-nin nəşr etdiyi monoqrafiyalarda və 40-dan çox elmi məqalədə işıqlandırılmışdır. Görülən elmi işlər barədə daha ətraflı məlumat almaq üçün redaksiyamız “Geotektonika və regional geologiya” şöbəsinin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərliyə bir neçə sualla müraciət etmişdir.

-Tələt müəlllim, bildiyimiz qədər, rəhbərlik etdiyiniz şöbənin elmi-tədqiqat istiqamətləri genişdir. Hazırda hansı tədqiqt işlərini aparırsınız?

- Hazırda üzərində işlədiyimiz əsas tədqiqat işləri də kifayət qədər çoxsahəlidir: 2018-ci ildə “Azərbaycanın struktur-formasiya zonalarının formalaşlmasında geodinamik şəraitin indikatoru kimi nadir torpaq və nadir elementlərinin öyrənilməsi və bu zonaların həmin elementlərə görə filizlilik potensialının qiymətləndirilməsi” mövzusunda başladığımız işləri 2023-cü ilin sonunadək bitirməyi nəzərdə tutmuşuq.
Azərbaycan iqtisadiyyatının yeni, o cümlədən nanotexnologiyalar əsasında inkişaf perspektivlərini nəzərə alaraq, ölkə ərazisində yeni, bugünədək öyrənilməmiş və yaxud zəif öyrənilmiş nadir torpaq elementlərinın (NTE) axtarışı və onların ehtiyat potensialının qiymətləndirilməsi öz aktuallığı ilə seçilir. Bu istiqamətdə tələb olunan fəaliyyət “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”nin, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi” bölməsinin “Mövcud aktivlərin optimallaşdırılması” adlı 1 saylı strateji hədəfində öz əksini tapmış və həyata keçirilməsi AMEA Geologiya və Geofizika İnstitutuna tapşırılmış, tədqiqatların idarə edilməsi isə institutun rəhbərliyi tərəfindən bizim şöbəyə həvalə olunmuşdur.

-Bu mürəkkəb tədqiqt işlərinə, yəqin ki, GGİ-nin digər şöbələri də cəlb olunub?

-Elədir. Tədqiqatlara institutumuzun mövzuya aidiyyatı “Petrologiya”, “Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası”, “Hidrogeologiya və mühəndisi geologiya”, “Geoloji mühitin radiometriyası”, “Palçıq vulkanizmi” şöbələri, habelə “Metasomatizm və filizəmələgəlmə” və “Mineralogiya və geokimya” sektorları da qoşulublar.

- Və əlbəttə, əsas tədqiqt məkanı çöldür.

-Şübhəsiz! Ötən il ərzində nadir torpaq elementlərinin endogen tipli yığıntılarının aşkarlanmasına yönəlmiş çöl işləri ilkin olaraq Naxçıvan MR ərazisində, Talışda və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy regionunda aparılmışdır. Bu məqsədlə nadir torpaq elementlərinə perspektivli olan intruziv və effuziv konplekslərdən (Talışın Eosen yaşlı qələvi-əsasi intruzivləri, Kiçik Qafqazın Üst Yura yaşlı qələvi-əsasi və qranitoid kompleksləri, Naxçıvan MR ərazisinin Üst Perm yaşlı dolerit və qabbro-doleritləri, həmçinin Alt Yura yaşlı əsasi-ultraəsasi süxurlar) nümunələr götürülmüşdür. Hazırda onların üzərində laborator tədqiqatlar həyata keçirilir.

-Yəqin ki, müsbət nəticə əldə edildikcə tədqiqat obyekti də şaxələnir?

- Cari ildə və gələcəkdə çöl tədqiqatları endogen tipli NTE yığıntılarının intruziv və effuziv konplekslərdə, müxtəlif filizlərdə axtarışı ilə yanaşı, ekzogen tipli yıqıntıların – müxtəlif növ səpintilərin, konqlomeratların, çökmə və biogen-çökmə törəmələrin (fosforitlərin, boksitlərin, bitumlu şistlərin, qonur kömürün, gəmir-manqan konkresiyalarının, boz gillərin və müxtəlif karbonatların), həmçinin yeraltı şor suların tərkibində müəyyən edilməsinə də yönələcəkdir.



-Tələt müəllim, “Şərqi Qafqaz və ətraf regionların Fanerozoy geodinamikası və palinspastik rekonstruksiyası” adlı elmi mövzu da mütəxəssislərin diqqətini çəkir.

-Bu elmi istiqamət üzrə tədqiqatlar 2023-cü ilə kimi həyata keçiriləcək. Tədqiqatların nəticəsi olaraq Yer qabığının müxtəlif dərinlik səthləri üzrə xəritə-modellərin tərtribi, həmçinin aktiv yarılmalar, seysmotektonik, seysmik təhlükənin qiymətləndirilməsi, tektono-geodinamik və paleotektonik xəritələr toplusunun işlənib hazırlanması nəzərdə tutulur. Mineral xammal resurslarının proqnozlaşdırılması, həm də geoloji təbiətli fövqəladə hallarda vaxtlı-vaxtında əksüləməl göstərmək üçün geoloji mühitin idarə edilməsi üzrə etibarlı məlumat bazasının yaradılma zəruriliyi aparılan işlərin aktuallığını müəyyən edir.

- Mümkünsə, Azərbaycan ərazisinin geoloji irsinin milli və beynəlxalq səviyyədə təbliğinə yönəlmiş işləriniz barədə məlumat verin.

- İnstitutumuzun elmi-tədqiqat proqramı çərçivəsində rəsmi şəkildə aparılan işlərlə yanaşı, hazırda bizim şöbədə Azərbaycan ərazisinin geoloji mühiti və geoloji irsinin milli və beynəlalq səviyyədə təbliğinə yönəlmiş və institut rəhbərliyi tərəfindən hər cəhətdən dəstəklənən bir neçə iş həyata keçirilir. Təkcə xəritəçəkmə işlərilə bağlı bir misal deyim: Prezident yanında Elmin İnkişafı Fondunun və UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının maliyyə və təşkilati dəstəyi sayəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsinə yönəlmiş qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq xarakterli 2-ci “ŞUŞA QRANTI” müsabiqәsinin qalibi olmaqla 2014-2016-cı illər ərzində “Qarabağın geoloji-coğrafi atlası” qrant layihəsi çərçivəsində geniş tədqiqatlar aparılmış və bu atlasın müəllif maketi işlənib hazırlanmışdır. Deyilən maketin əsasında AMEA-nın digər institutlarının materiallarından istifadə etməklə daha geniş məlumat bazasına malik olan və Qarabağın işğal olunmuş və ətraf ərazilərinin təbii mühitinin xüsusiyyətlərini özündə əks etdirən “Qarabağın təbiət ehtiyatları atlası” tərtib edilmişdir. Bu ərazilərin mənimsənilməsini beynəlxalq səviyyədə əsaslandırmaq məqsədilə Qarabağ erməniləri tərəfindən 2009-cu ildə erməni, rus və ingilis dillərində “Атлас Нагорно-Карабахской Республики (Арцаха)” adlı atlas, həmçinin 2011-ci ildə “Геология и минеральные ресурсы Нагорно-Карабахской Республики” adlı kitab nəşr edilmişdir. Bizim tərəfimizdən Azərbaycan, ingilis və rus dillərində işlənib hazırlanmış atlas və onun mətn hissəsi erməni niyyətlərinin qarşısının alınması və bu sahədə milli kadrların rolu və əldə etdikləri nəticələrin yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırılması məqsədi güdür. Bu baxımdan atlas həm məlumatlandırıcı, həm də siyası səciyyə daşıyır.
Daha bir xəritəçəkmə işi İsveçrənin Milli Elm Fondu proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan (T.N.Kəngərli, T.M.Rəşidov), Gürcüstan, Rusiya Federasiyası və İsveçrə alimlərinin iştirak etdiyi “Qafqazın tektonika və geodinamikası” beynəlxalq layihə ilə əlaqədar həyata keçirilmişdir. Layihə çərçivəsində aparılmış tədqiqatların nəticəsində ilk dəfə olaraq müasir geoloji-tektonik nəzəriyyə (plitələr tektonikası) əsasında “Qafqazın tektonik-geodinamik xəritəsi” (miqyas 1:1000000) tərtib edilmişdir. Xəritədə Alp-Himalay qırışıqlıq qurşağının Qaradəniz-Xəzər seqmentinin alp geodinamikası və müasir strukturunun təşəkkülü qanunauyğunluqları öz əksini tapmışdır. Xəritə geologiya, tektonika, müasir geodinamika, metallogeniya və neftqazgeoloji rayonlaşdırma, həmçinin ölkənin mineral xammal ehtiyatlarının genişləndirilməsi istiqamətlərində aparılan hazırki və gələcək tədqiqatlar üçün önəmli məlumat bazası rolunu daşıyır.
Şöbədə həmçinin “Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi” (miqyas 1:500000), “Azərbaycan Respublikasının tektonik-geodinamik əsaslı faydalı qazıntılar xəritəsi” (miqyas 1:500000) və onların izahat kitabçaları üzərində tərtibat işləri həyata keçirilir ki, onların başa çatdırılması cari ilin sonunda nəzərdə tutulub.
Nəhayət, şöbənin apardığı işlər sırasında Azərbaycan Respublikasının ayrı-ayrı regionları (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Talış) və iqtisadi rayonları üzrə 1:100000-1:200000 miqyasında xəritələr (geoloji, struktur, faydalı qazıntılar, geomorfoloji, landşaft, torpaq və s.) toplusunu göstərmək lazımdır. Bu xəritələr üzərində tərtibat işləri AMEA-nın Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu alimləri ilə birlikdə həyata keçirilir və mərhələlərlə 2019-2020-ci illərdə həyata keçiriləcəkdir. İlk dəfə tərtib edilən bu xəritələr toplusu ölkənin müvafiq mərkəzi idarəetmə və yerli icra hakimiyyəti orqanlarının dayanıqlı fəaliyyəti üçün dəyərli məlumat bazası ola bilər.
Adıçəkilən kartoqrafik materialların əhəmiyyətini nəzərə alaraq, AMEA Prezidenri akademik Akif Əlizadə Nazirlər Kabineti qarşısında müvafiq təşəbbüslə çıxış etmiş, nəticə olaraq atlas və xəritələrin mərkəzləşdirilmiş əsasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Bakı Kartoqrafiya Fabrikində nəşr edilməsinə göstəriş verilmişdir. Ümüdvaram ki, artıq cari ilin sonunda “Qarabağın təbiət ehtiyatları atlası” nəşr edilib geniş ictimaiyyətə təqdim ediləcəkdir.

-Tədqiqt işlərinizin nəticəi digər nəşrlərdə əks olunduğu da məlumdur.

-Şöbəmizdə Azərbaycan Respublikasının geoloji irsinə həsr edilmiş silsilə monoqrafiyaların nəşri üzərində işlər həyata keçirilir. Hazırda nəşr üçün hazırlanmış və yaxud cari ilin sonu - gələn ilin əvvəlində başa çatdırılması nəzərdə tutulan bəziləri barədə qısaca məlumat vermək istərdim: AMEA Elmi Tədqiqat Proqramlarının müsabiqəsi üzrə həyata keçirilən “Türk dünyasının coğrafiyası və etnosu” layihəsi çərçivəsində bu ay çapdan çıxmış eyniadlı kollektiv monoqrafiyanın “Geoloji quruluş” bölməsi mənim tərəfimdən tərtib edilmişdir. Bölmədə Balkanlardan tutmuş Şərqi Sibirədək geniş ərazinin geoloji durumu ilk dəfə olaraq azərbaycan türkçəsində işıqlandırılmışdır; “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı” adlı kitab üzərində işlər sona çatdırılıb və cari ilin II rübündə nəşr edilməsi nəzərdə tutulur (müəlliflər T.N.Kəngərli, O.Ə.Rzayev, Z.İ.Abadzadə); “Azərbaycanın geoloji irsi: Qarabağ” adlı və həmin üslubda tərtib edilən kitab üzərində işlərin cari ilin sonunda başa çatdırılması nəzərdə tutulur (müəlliflər T.N.Kəngərli, A.C.İsmayıl-zadə, A.M.Səmədov); “Naxçıvan Muxtar Respublikasının geoloji mühiti” adlı kitab (ingilis dilində) üzərində işlərin cari ilin III rübündə başa çatdırılması nəzərdə tutulur (müəlliflər T.N.Kəngərli və O.Ə.Rzayev); “Naxçıvan Muxtar Respublikasının geologiya və orohidroqrafiyası (sorğu kitabçası)” adlı kitab üzərində işlərin cari ilin II rübündə başa çatdırılması planlaşdırılıb (müəlliflər T.N.Kəngərli və V.A.Məmmədov). “Qərbi Azərbaycanın təbii ehtiyatları (Gəncəbasar və Qarabağ)” kollektiv monoqrafiyası ingilis dilində tərtib edilmiş və hazırda üzərində redaktə işləri aparılır (əsas icraçı T.N.Kəngərli); “Qarabağın humanitar və təbiət irsi” adlı ikicildlik kollektiv monoqrafiya (ingilis dilində) üzərində işlər aparılır və onların 2020-ci ildə sona çatdırılması nəzərdə tutulur və s .

-Nadir geoloji obyektlərin tədqiqi də elmi ictimaiyyət tərəfindən maraq doğurur.

-Qlobal ekoloji problemlərin həlli kontekstində bu gün Azərbaycanın nadir geoloji obyektlərinin (geosaytların) mühafizəsi və bərpası istiqamətində yetərincə təcili və təsirli tədbirlərin həyata keçirilməsi məsələsi aktuallığı ilə seçilir. Bu istiqamətdə mövcud olan problemlərin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında geosaytların inventarizasiyası və pasportlaşdırılması, onların məhvolma təhlükəsinin təhlili, geokonservasiyaya aid təkliflərin işlənib hazırlanması, geosaytların turizm sənayesinə cəlb olunması və həllini gözləyən bir sıra digər məsələlərlə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.
Tədbirlər Planı çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunda aparılan mənim tərəfimdən koordinasiya edilən tədqiqatlar ölkənin ayrı-ayrı regionlarında İnstitutun bir qrup aparıcı alimlərin səyi ilə həyata keçirilmiş, nəticə olaraq paleontoloji-stratiqrafik, tektonik, geomorfoloji, mineraloji-petroqrafik, hidroloji, hidrogeoloji və tarixi-mədəni kateqoriyalı 484 geoloji obyektin varlığı aşkar edilmişdir. Geosaytların təbiəti mühafizə baxımından əhəmiyyəti, həmçinin məlum olan tarixi-mədəni və rekreasiya təyinatlı obyektlərlə uyğunluq səviyyəsi nəzərə alınmaqla, onların kateqoriyalar üzrə ərazi paylanmasının təhlili Azərbaycan torpaqlarının UNECKO və ProGEO-nun tələblərinə cavab verə bilən beynəlxalq əhəmiyyətli milli geoparkların yaradılması baxımından böyük potensiala malik olduğunu göstərmişdir. O cümlədən səciyyəvi geosaytları özündə cəmləşdirən İlandağ (Culfa), Qırməki, Xaltan və Basqal Milli Geoparklarının yaradılması məqsədəuyğun sayılmış və bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” (müəlliflər T.N.Kəngərli və Ş.Ə Babayev) kitabında məlumat verilmişdir.
Xüsusilə qeyd edilməlidir ki, beynəlxalq səviyyəli geoparkın yaradılması baxımından Naxçıvan MR böyük potensiala malikdir. Aparılmış tədqiqatlar nəticəsində Muxtar Respublikanın ərazisində 100-ə yaxın geosayt ayrılmış və öyrənilərək Azərbaycan Respublikası üzrə aşkar edilmiş nadir geoloji obyektlər siyahısına salınmışdır. Xüsusən Muxtar Respublikanın cənub-şərq hissəsi (Babək, Culfa və Ordubad inzibati rayonları) landşaft və bioloji rəngarəngliyi, müxtəlif balneoloji xassəli termal və mineral su bulaqları, relyefdə ifadəsini kəskin tapmış mürəkkəb maqmatik və struktur formalar, böyük xronoloji diapazonlu litoloji-stratiqrafik kəsilişlər, müxtəlif genezisli filiz yataq və təzahürləri, həmçinin mədən-tarixi obyektlərinin zənginliyi ilə seçilir. Bildiyiniz kimi, ərazidə 400 memarlıq və 280-dən çox arxeoloji abidə də qeydə alınmış və əksəriyyəti Ordubad tarixi-memarlıq qoruğuna salınmışdır, həmçinin Zəngəzur milli parkı fəaliyyət göstərir. Əlavə olaraq, region yüksək etnoqrafik potensiala malikdir.
Beləliklə, Naxçıvan MR-in bu hissəsi 2000 km2-dən çox sahəni əhatə edən açıq səma altında muzey olaraq təbiət və humanitar əhəmiyyətə malik çoxsaylı relikt obyektləri özündə birləşdirir.
Ərazi UNECKO-nun geoparklar üçün irəli sürdüyü, demək olar ki, bütün tələblərə tam uyğun gəlir. Həm də belə bir faktı da nəzərə almaq lazımdır ki, Azərbaycan Dövlətinin başçısı cənab Ilham Əliyevin göstərişləri əsasında Naxçıvan MR-in rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Muxtar Respublikanın infrastrukturu yenidən qurulmuş və müvafiq abadlaşdırma işləri yerinə yetirilmişdir, sənaye və kənd təsərrüfatı potensialı artırılmışdır. Deyilənləri nəzərə alaraq, Azərbaycan MEA mühafizə edilən ərazilərin təşkilində “dördü birində” (geosaytlar, arxeoloji və memarlıq abidələri, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-də “İlandağ” (və yaxud “Culfa”) geoparkının (geoarxoparkın) yaradılmasını məqsədəuyğun sayır. Ərazidə 1977-ci ildə təsis edilmiş Ordubad tarixi-memarlıq qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur milli parkı bu yeni qurumun tərkibinə daxil edilə bilər.

-“İlandağ” geoparkının təşkili hər baxımdan çox maraqlı görünür

-Bəli, Azərbaycan MEA “İlandağ” geoparkının təşkilinin mümkünlüyü və buna münasibətin bildirilməsi məqsədilə 2017-ci ilin noyabr ayında ilkin olaraq UNECKO-nun Geoelmlər və Geoparklar Proqramının katibliyinə məruzə etmiş, 2018-ci ilin fevral ayında isə UNECKO-nun dəvəti ilə Proqramın Parısdə keçirilmiş III açıq sessiyasında iştirakımız təmin edilmişdir. Katiblik tərəfindən AMEA-nın təşəbbüsü maraqla dinlənilmiş və geopark yaradıldığı halda onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasını, həmçinin müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini təsdiq etmişdir.
“İlandağ” geoparkı təbiət və humanitar irsinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Bu təşəbbüs Muxtar Respublikada iqtisadi fəaliyyətin yeni istiqaməti olan və yerli icmanın dayanıqlı inkişafını təmin edən geoturizmin təşkilinə, bununla da Naxçıvan diyarının beynəlxalq səviyyədə təbliğinə dəyərli dəstək ola bilər.

-Elmi tədqiqat işlərində beynəlxalq əlaqələr də zəruridir. Bu baxımdan imkanlarınız necədir?

- Aparılan elmi tədqiqatlar çərçivəsində yaxın və uzaq xarici ölkələrin bir sıra elmi araşdırma mərkəzləri ilə səmərəli əməkdaşlıq qura bilmişik. Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu (Moskva ş,) və onun Dağıstan filialı (Maxaçkala), VSEGİNGEO (Sankt-Peterburq), Gürcüstanın Geologiya və Geofizika İnstitutları, Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutu, Orta Şərq Texniki Universiteti (Türkiyə), Kil Universiteti (Böyük Britaniya), P. və M.Küri Universiteti və N.-S. Antipolis Universiteti (Fransa), Friburq Universiteti (İsveçrə), Kaliforniya Universiteti (ABŞ) və s. Eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində bir neçə elmi tədqiqat proqramı (MEBE, DARIUS, SNRS) və qrant layihələri (INTAS, SRDF, STCU, SCOPES) həyata keçirilmişdir.

-Elmi qurumların tədqiqat fəaliyyəti adətən perspektivlərə və təxirəsalınmaz işlərə bölünür. Sizdə necədir?

-Elə bizdə də dediyiniz kimidir. Şöbədə aparılan çoxşaxəli tədqiqatlar və yuxarıda sadalanan elmi nəticələrə baxmayaraq, ölkənin və bununla bərabər Qafqazın regional geologiyası, geodinamikası və tektonikasına aid bir neçə problem məsələlər öz həllini gözləyir: Qafqaz ərazisinin müasir geodinamik və seysmotektonik şəraitinin transsərhəd nəqliyyat-enerji dəhlizləri, sosial-iqtisadi obyektləri və yaşayış məntəqələrinə yaratdığı potesial təhlükənin qiymətləndirilməsi və proqnozlaşdırılmasını elmi əsasalandırmaq üçün Türkiyə, İran, Gürcüstan və Rusiya Federasiyası alimləri ilə birlikdə tektonika, dərinlik geofizikası, seysmologiya və geodinamika sahələrində genişmiqyaslı tədqiqatların həyata keçirilməsi zəruridir və işlərin adı çəkilən ölkələrin alımləri ilə birlikdə gələn ildən aparılması təklifi institut rəhbərliyi qarşısında qoyulmuş və bəyənilmişdir; günün tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisinin yeniləşdirilmiş GİS-əsaslı rəqəmsal geoloji xəritəsi (miqyas 1:500000) işlənib hazırlanmalıdır; Yer qabığının dərinlik quruluşu və alp geodinamikasına aid araşdırmaların davam etdirilməsi məqsədəuyğundur; gələcək tədqiqatlar çərçivəsində Xəzər dənizinin milli sektoruna aid yeni geofiziki materiallardan istifadə etməklə quru və akvatoriyanın yer qabığının təkmilləşdirilmiş vahid geoloji-tektonik modelinin işlənib hazırlanması və palinspastik yenidənqurmaların aparılması mümkün olacaqdır. Bu cür məlumatların əldə edilməsi böyük elmi-təcrübə əhəmiyyətə malik olmaqla ölkənin mineral xammal ehtiyatlarının genişləndirilməsi istiqamətində gələcək tədqiqatlar üçün önəmli məlumat bazası ola bilər.

-Hər sahədə olduğu kimi, elm sahəsində də böyük uğurların qazanılması üçün gənc kadrlara ümid həmişə aktualdır. Siz dəfələrlə gənc kadr potensialının hədsiz zəif hazırlığını vurğulamısınız.

-Geologiya elm və istehsalatın elə bir sahəsidir ki, o, istənilən dövlətin iqtisadi təhlükəsizliyinin əsasında durur, eləcə də iqtisadiyyatın əsasını təşkil edən mineral-xammal ehtiyatları üzə çıxarır. Bununla bağlı, geoloqların əməyinin sosial-iqtisadi əhəmiyyəti ölçüyəgəlməz dərəcədə yüksəkdir. Bu qeyri-adi yaradıcı peşədə qlobal analitik və məntiqi düşüncə bacarığı, qarşıya qoyulmuş istehsalat və elmi məsələlərin rasional həlli, nəzəri problemlərin işlənilməsi, geoloji obyektlərin formalaşma və yerləşmə qanunauyğunluqlarının aşkarlanması və tədqiqi, ölkənin rifahı naminə onlardan istifadə imkanlarının qiymətləndirilməsi qabiliyyəti bir-biri ilə sıx əlaqədə çıxış edir. Ona görə də ölkə iqtisadiyyatı üçün belə mühüm elmi-istehsalat istiqamətini hər zaman yüksək ixtisaslı kadrlarla təmin etmək istənilən dövlətin elmi təşkilat və ali məktəblərinin əsas vəzifəsidir. Hazırda Azərbaycan üçün bu problemin aktuallığı, aktiv fəaliyyətləri keçən əsrin sonuncu onilliklərinə - indiki əsrin başlanğıcına təsadüf edən böyük geoloq ordusunun fəal istehsalat və elmi işlərdən aralanması ilə təyin edilir ki, bu da, şübhəsiz, müasir analitik-innovasiyalı təfəkkürə malik gənc kadrların seçilməsi və tərbiyə olunması məsələsini önə çəkir.
Əfsuslar olsun ki, hazırda Azərbaycanda elmi və praktiki geologiya təhlükə qarşısındadır. Bu da gənc kadr potensialının zəif hazırlığı ilə izah olunur. Ali təhsil mərkəzlərinin buraxdığı yeni nəsl geoloqların mütləq əksəriyyəti çöl tədris təcrübəsini keçməyib. Onlar çox vaxt adi suallar qarşısında aciz qalırlar. Bunun səbəbini ilk növbədə geologiya fakültələrinə bu ixtisasa marağı olmayan tələbələrin test sistemi əsasında aşağı balla təsadüfi qəbulu ilə izah etmək olar. Nəticə olaraq hər ilin buraxılışında tək-tük tələbə yetərincə geoloji bazaya sahib olur ki, onların da əksəriyyəti üzünü Azərbaycanda fəaliyyət göstərən özəl təsisat və xarici firmalara tutur. Beləliklə, ölkə geologiyasının elm, xüsusən də istehsalat istiqamətlərində hazırlıqlı kadrlar boşluğu yaranmışdır. Belə davam edərsə, yaxın gələcəkdə geoloji baxımdan adi praktiki məsələlərin araşdırılması və həlli üçün xarici mütəxəssislərin dəvət edilməsi problemi ilə rastlaşacağıq. Deməli, qarşıda duran əsas problem geolog sənətinə marağı olan gənclərin axtarışı və onların yüksək hazırlıq səviyyəsinin təmin edilməsindən ibarətdir.

-Siz problemin həllini necə görürsünüz?

- Problemin həlli yollarından biri kimi geologiyaya xüsusi maraq göstərən orta məktəb şagirdlərinin seçilməsi, onların ilkin hazırlanması və qəbul testlərindən keçdikdən sonra ilk növbədə BDU və ADSNU-nun geologiya fakültələrinə güzəştli şərtlə qəbul edilməsində görürəm. Digər tərəfdən, geologiyaya marağı olan və yüksək bal toplamış abituriyentlər dövlətin maliyyə dəstəyi ilə MDB və Avropanın aparıcı ali təhsil mərkəzlərinə göndərilə bilər. Belə təşəbbüslərdən daha səmərəli nəticə əldə edə bilər. Çünki məhz bu mərkəzlərdə geologiyanın gələcəyini müəyyən edən yeni istiqamətlər üzrə təhsil almaq mümkündür. Xatırlatmaq yerinə düşər ki, XX əsrin əvvəllərində Azərbaycanda ilk milli geoloji kardlar məhz bu yolla hazırlanmışdır.
Qarşıya qoyulan məqsədə nail olmaq üsullarından digəri elmi-tədqiqat müəsissələrinin kadr və texniki potensialından istifadə etməklə yetişməkdə olan nəslin içərisində innovasiyalı elmi-texniki idrak vərdişlərini aşılamaqla geologiya elminin populyarlaşdırılmasıdır.
Bu gün gənclərin elm, yaradıcılıq və tədqiqat fəaliyyətinə səmtləndirilməsi təcrübəsi MDB ölkələri daxil olmaqla dünyanın bir çox elm mərkəzlərində mövcuddur. Rusiya Elmlər Akademiyasının elmi müəssisələri bu sahədə böyük təcrübəyə malik olub müxtəlif formada 400 orta məktəb, 100-dən çox lisey, gimnaziya və kollec, həmçinin ali məktəblərlə sıx əməkdaşlıq edirlər. Bu istiqamətdə Tətbiqi Fizika İnstitutu, Üzvi Kimya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Təkamüllü Fiziologiya və Biokimya İnstitutu, Kosmik Tədqiqatlar İnstitutu, Atmosferin Fizikası İnstitutu və Coğrafiya İnstitutu, REA-nın Sibir bölməsi və s. çox fəaldırlar. Bu təcrübə Nijni Novqorodda, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində geniş tətbiq olunur. Əlavə təhsilin bu inteqrallaşmış innovasiya forması müxtəlif miqyaslı tədqiqat və innovasiya layihələrinin reallaşmasını təmin edə biləcək gənc intellektual liderlərin hazırlanması ilə yeni nəsl elm və istehsalat kadrlarının yetişdirilməsi məsələsini həll etmiş olur.
Beynəlxalq təcrübədə tətbiq edilən bu cür fəaliyyət sistemi gəncləri gələcək elmi fəaliyyətə hazırlamaq naminə paralel əlavə təhsil modulunu tətbiq etməklə orta məktəblərin yuxarı siniflərində təlimlərin müşahidə edilməsinə, istedadlı yeniyetmələrin seçilməsinə, onların intellektual fəaliyyətə hazırlanmasına, uyğun ali təhsilin alınması üçün peşə seçiminə imkan verir. Məktəb illərindən hazırlıq görmüş gənc insanlar gənc mütəxəssisə lazım olan bilik və vərdişlərin kifayət qədər başlanğıc həcmini alaraq, ən məhsuldar 25-35 yaşlarında effektiv fəaliyyətə nail olurlar. Əlavə təhsilin üstün cəhəti akademik institut və elmi cəmiyyətin elm-təhsil məkanında gənc insanın şəxsi məqsədlərinin reallaşması üçün elmi mühitin təbii təsiri və əlverişli şəraitin olmasıdır. Hazırda elm və istehsalatın gənc mütəxəssislərlə təminatının ən effektiv yolunu bunda görürəm.
Beləliklə, geoloq peşəsinin nüfuzunun arrtırılmasında daha bir yol geoloji elmlərin populyarlaşdırılması, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və ali məktəblərin geologiya fakültələrinin tələbələrinin əlavə geoloji təhsili üzrə İnteraktiv Mərkəzin yaradılmasıdır. Bu mərkəz geoloji tədqiqat fəaliyytinə hazırlıq üzrə vahid təhsil məkanının formalaşmasına imkan yaradacaq. Geologiya və Geofizika İnstitutunun potensialı təlim alanlara innovasiya yönümlü geoloji tədqiqatların müasir milli və xarici praktikasını mənimsəməyə, həmçinin onlar üçün elm və istehsalat sahəslərində peşəkarlıq istiqamətinin seçılməsinə imkan verəcəkdir.

[email protected]
(050) 370 88 44
(012) 539 39 62