Xəbərlər


GGİ ALİMLƏRİNİN BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏLƏRİ MARAQLA QARŞILANIB

 
09 oktyabr 2018-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik, Dövlət mükafatı laureatı Əkbər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev İsveçrənin Luqano şəhərində “ERA Radon Week 2018” mövzusunda keçirilmiş Beynəlxalq konfransda iştirak ediblər.

GGİ alimlərinin “Radon və uzun ömürlülər (Azərbaycanın timsalında)” mövzusunda etdikləri məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olub. “Məruzəmizdən əsas məqsəd Azərbaycanda aparılan radon problemi üzrə tədqiqatların nəticələrinin müzakirəsi və gələcəkdə Avropa ölkələrinin təcrübəsindən istifadə etməklə bu tədqiqatların davamının planlaşdırılması idi”,- deyə alimlər bildiriblər.

15 Avropa ölkəsini təmsil edən alimlərin qatıldığı Beynəlxalq konfransda yaşayış, ictimai və iş yerlərinin havasında radonun konsentrasiya səviyyəsinin yol verilən həddi üzrə normalar və radonla əlaqədar tikinti standartları, radon qazının geoloji şəraitlə bağlılığı, əhalinin radon təhlükəsi barədə maarifləndirilməsi məsələləri, qapalı yerlərdə radonun havadakı miqdarının azaldılması üçün həyata keçirilməli tədbirlər üzrə metodik tövsiyələr və s. müzakirə olunub.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]