Xəbərlər


GGİ ALİMLƏRİ YUNESKO VƏ ProGEO-nun TƏLƏBLƏRİNƏ UYĞUN GƏLƏN GEOPARK YARATMAĞI TƏKLİF EDİBLƏR

 
10 iyul, 2018-ci il

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-2012-ci illər ərzində yerinə yetirilmiş “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunun yaratdığı və AMEA müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupu ölkənin ayrı-ayrı regionlarında tədqiqatlar aparmış və nadir geoloji obyektlərin (geosaytların) təftişini həyata keçirmişdir. Aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində YUNESKO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılmış və bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” kitabında məlumat verilmişdir.

Bu baxımdan mühafizə edilən ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-də “İlandağ” geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə təsis edilmiş Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Göstərilən ərazidə geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb də ərazisinin sərhədyanı bölgədə yerləşməsidir: Arazın sağ sahilində İran İslam Respublikası ərazisində (Cənubi Azərbaycanda) hazırda Culfa geoparkının fəaliyyəti YUNESKO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı səviyyəli geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir. Bununla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndələri növbəti addım kimi cari ilin fevral ayında YUNESKO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında iştirak etmiş və “İlandağ” geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış etmişlər. Katiblik tərəfindən AMEA-nın təşəbbüsü maraqla dinlənmiş və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə, Ümumdünya İrsi Siyahısına salınmasını və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan etmişdir. Bu barədə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənova və Naxçıvan MR Milli Məclisinin sədri Vasif Talıbova məlumat verilmişdir.

Vurğulanmalıdır ki, “İlandağ” geoparkının yaradılması təbiət və humanitar irsinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı Muxtar Respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]