Xəbərlər


MÜHÜM ELMİ NƏTİCƏLƏR TƏQDİM OLUNDU


28 dekabr 2017

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu 2017-ci ildə elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 3 mühüm elmi nəticə əldə edib. Məsələyə dair təşkil olunmuş ümumrespublika seminarında institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov sözügedən nəticələri kollektivə təqdim edib. Bildirib ki, Qutenberq-Rixter qanunundakı b sabitinin 2000-2016-cı illəri əhatə edən məkan-zaman paylanması təhlil edilərək Azərbaycan ərazisində cənub-şimal istiqamətində yer qabığında seysmotektonik gərginliyin artması və zamana görə nəzərə çarpan dəyişmələrin olduğu müəyyən edilib. Bu regionun seysmik təhlükəsinin qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın icraçıları akademik F.Qədirov, professor L.Teleska, AMEA müxbir üzvü Q.Yetirmişli, Yer elmləri üzrə fəlsəfə doktoru R. Səfərov, geologiya-mineralogiya elmləri namizədi Q.Babayev və S.İsmayılovadır.

Həmçinin, nəzəri tədqiqatlarla müəyyən edilib ki, Yerin müasir nəzəri modellərində onun daxili nüvəsinin şar formasında bərk cisim olması haqqındakı hipotezanın və bu strukturun elastiki parametrlərinin paylanmasının hesablanmış qiymətlərinin qəbul edilməsi, geologiya və geofizikanın inteqral meyarlarına uyğun olsa da, deformasiyaya uğrayan bərk cisim mexanikasının möhkəmlik, dayanıqlıq və elastiki dalğaların yayıla bilməsi haqqındakı fundamental tələblərini ödəmir. Tədqiqat akademik H.Quliyev tərəfindən aparılıb.

Üçüncü mühüm elmi nəticə olaraq, tektonika litosfer plit nəzəriyyəsi baxımından ilk dəfə Kür depressiyasının fanerozoy geoloji tarixinin araşdırılması və təhlili nəticəsində onun ayrı-ayrı bloklarının struktur-geomorfoloji pleyt-tektonik tipləri Tetisin Qafqaz seqmentinin geodinamik təkamülündə ayrılıb. Onlar Tetisin tektonikasında mövqeyinə və yer qatının konsolidasiya dərəcəsinə və yaşına uyğun olaraq hersinid və kimeridlərə aid olan mezokrat-bazit və qranit-metamorfik substratla səciyyələnirlər. Təklif olunur ki, axtarış-kəşfiyyat işlərinin yeni mərhələsindən öncə Kür meqaçökəkliyinin kolliziya mərhələsinin iri miqyaslı pleyt-tektonik xəritələrini tərtib etmək lazımdır. Tədqiqatın icraçısı geologiya-mineralogiya elmləri dktoru M.Rüstəmovdur.

Seminarda mühüm elmi nəticələr müzakirə olunub.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]